Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəməyə start verilib. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Daha sonra Rəsul Cəfərovun vəkili Fariz Namazlı çıxış edərək cinayət işinə xitam verilməsi, ekspertiza aparan ekspertlərin məhkəməyə çağırılaraq dindirilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, prosesin audio və video yazısının aparılması, həbs qətimkan tədbiri dəyişməyəcəyi təqdirdə təqsirləndirilən şəxsin proses zamanı vəkilinin yanında əyləməsi və məhkəməyə təqdim olunan digər sənədlərin iş materiallarına əlavə olunması barədə vəsatətlər verib.
Prokuror Mübariz Mirili çıxış edərək onların təmin olunmamasını istəyib.
Cinayət işi üzrə zərərçəkən kimi tanınan Anar Nağılbaz (Cəbiyev) və Əhməd Heybətov isə məhkəmədən vəsatətlərin təmin olunmasını xahiş ediblər.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar açıqlanıb. Qərara əsasən, vəsatətlərdən yalnız biri - əlavə sənədlərin iş materiallarına qoşulması barədə vəsatətin təmin olunduğu açıqlanıb.
Məhkəmə baxışı yanvarın 27-nə təyin olunub.
Qeyd edək ki, İnsan Haqları Klununun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.