İLKİN NƏCƏFZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Türkiyə baş nazirinin “erməni soyqırımı” açıqlaması ABŞ prezidentinin illərdir 24 apreldə verdiyi açıqlamadan fərqlənmir. Hətta bu açıqlamanın Barak Obamanın ötən il verdiyi bəyanatın üzərində işlənərək hazırlandığını söyləmək belə olar. Ərdoğanın yanaşmasında gizli niyyət axtarmağa dəyməz, baş nazir ölkəni soyqırımı kimi ağır cinayət törətməkdə ittiham edən Avropanın, Qərbin anladığı dildə danışır. Faciə olub, bu faciədən tək ermənilər deyil, bölgədə yaşayan digər millətlər, o cümlədən türklər və kürdlərdə zərər çəkib, bu məsələdən siyasi təzyiq vasitəsi kimi istifadə etmək lazım deyil, soyqırımı iddialarını araşdırmaq tarixçilərin işidir, arxivləri açmışıq, ölənlərin nəvələrinə başsağlığı verirəm və s. Göründüyü kimi, Ankara yenə müdafiə mövqeyində dayanıb, səbəb Türkiyə hökumətinin “erməni soyqırımı” ittihamlarına qarşı mübarizəyə dair vahid, ardıcıl siyasətinin olmamasıdır. Olsaydı, məsələn, baş nazir bəyanatında qeyd etməli idi ki, əgər bizim soyqırımı törətdiyimizi iddia edirsinizsə, o zaman İnsan Haqları Məhkəməsinə müraciət edin, əlinizdə dəlillər varsa, o dəlilləri, sübutları məhkəməyə təqdim edin. Deyərdi ki, əsl soyqırımı mənim xalqına qarşı törədilib, on minlərlə insanımız öldürülərək quyulara doldurulub, minlərlə insan məscidlərə doldurulub və bu Allah evlərinə od vurulub. Deyərdi ki, 11 kütləvi məzarı açmışıq, yüzə yaxın kütləvi məzarın yeri məlumdur, amma hələlik açmırıq. Deyə bilmir və... Və təəssüf ki, deməməkdə haqlıdır. Çünki avropalını başa salmaq üçün onların dili ilə danışmaq lazımdır. Ərdoğan da bu gün Qərbin dili ilə danışdı.
İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku - 23 aprel
952