9 əməkdaş prokurorluq orqanlarından xaric edilib
07 yanvar 2016 17:59 (UTC +04:00)

9 əməkdaş prokurorluq orqanlarından xaric edilib

Bu gün Baş Prokurorluqda Mərkəzi aparatın rəhbər heyətinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə bildirilib ki, hesabat dövründə prokurorluq orqanları digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək cinayətkarlığa, xüsusən də onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsini təmin edib.

 

2015-ci ildə prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.

 

Hesabat dövründə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülüb.

Prokurorluq və polis orqanlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 2015-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərindən əksəriyyətinin, o cümlədən qeyri-aşkarlıq şəraitdə törədilmiş xüsusilə ağır cinayətlərin “isti izlər”lə açılması təmin olunub.

 

Qeyd edilib ki,  hesabat dövründə prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun rəhbərliyinin göstərişi əsasında 2016-cı il yanvarın 6-da Bakı şəhəri Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı rayon prokurorluqlarında daxili nizam-intizam qaydalarına riayət edilməsi və işə davamiyyət vəziyyəti yoxlanılarkən xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun əlaqədar  struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması  məsələlərində  prinsipiallığın  daha da  artırılması tələb edilib.

 

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.

 

Əməliyyat müşavirəsində baş prokurorun birinci müavini Rüstəm Usubov çıxış edərək 2015-cü il ərzində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov 2015-ci ilin iş planının icra vəziyyəti və cari ilin iş planı barədə, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin yeni qəbul olunmuş “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə təşkil edilməsi, bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

 

Əməliyyat müşavirəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da  gücləndirilməsi barədə  dövlət başçısı İlham  Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli  şəkildə mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə konkret göstərişlər verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar