Bu ilin ilk 6 ayı ərzində müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Lent.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda bu gün keçirilən geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd edilib ki, onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub. Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib. Həmçinin Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Lənkəran, İsmayıllı, Beyləqan və Salyan rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib. “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.