2023-cü ilin sonunda Yekaterinburqdakı “Qrinviç” ticarət mərkəzində atəş açan azərbaycanlılar Razi Xəlilov və Hüseyn Allahverdiyevin ev dustaqlığının müddəti uzadılıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məhkəmədən bildirilib ki, həmin şəxslər aprelin 30-dək ev dustaqlığında olacaqlar. Eyni zamanda işin materialları prokurora qaytarılıb. “Müstəntiq ittiham aktını tərtib edərkən cinayət-prosessual qanun pozuntularına yol verdiyi üçün cinayət işi prokurorluğa qaytarılıb. Beləliklə, müdafiə tərəfinin vəsatəti təmin olunub”, - Allahverdiyevin vəkili Vladislav İdamjapov söyləyib. Xəlilovun vəkili Nikita Koşakov müxbirlə əlaqə saxlamaqdan imtina edib.
Onun bacısı Allahverdiyevə dəstək olmaq üçün məhkəməyə gəlib. O, jurnalistlə də əlaqə saxlamayıb. Məhkəmədən əvvəl təqsirləndirilən şəxslər bir-birindən uzaq dayanıblar.
Xəbərə görə, məhkəmədə onların vəkilləri həbs-qətimkan tədbirinin müəyyən hərəkətlərə qadağa qoyulmasına dəyişdirilməsini istəyib. İclasda Xəlilovun dediyi kimi, ev dustaqlığı onun idmanla məşğul olmasına mane olur.
“Qrinviç”də dava 2023-cü il noyabrın 26-da axşam baş verib. Qeyri-rəsmi versiyaya görə, onlar dəhlizdə yer bölüşməyiblər və söyüş söyüblər. Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Xəlilov və Allahverdiyev yanvarın 23-dək həbsdə olublar, sonra ev dustaqlığına keçiriliblər.