Sumqayıtda 15 il əvvəl baş verən qətl hadisəsini törədən və narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhərində narkotik vasitələrin satışını təşkil edən və çətənə kollarının kultivasiya ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər zamanı əvvəllər məhkum olunmuş Rəvail Məmmədov, tanışı Fuad İsmaylov, Ramin İbrahimov, Xaliq Məmmədzadə, Corat qəsəbəsində narkotiklərin satışını təşkil edən Ceyhun Məmmədov və həyat yoldaşı Könül Babayeva saxlanılıblar.
Bu şəxslər ümumilikdə 16 kiloqram narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotik tərkibli bitkilərin kultivasini ilə məşğul olan Corat qəsəbəsi sakinləri Kamal Əliyev və Azad Mansurov da saxlanılıb. Onlardan yaş halda çəkisi 52 kiloqram olan 174 ədəd çətənə kolu aşkar olunub.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində əvvəlki illərdən bağlı qalan qəsdən adamöldürmə cinayətinin də üstü açılıb.
Belə ki, 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini Tünzalə Kərimovanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə İdarə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov da tutularaq istintaqa təhvil verilib. Saxlanılarkən ondan bir ədəd “Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
İdarə əməkdaşlarının son 25 gündə həyata keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 62 nəfər saxlanılıb. Həmçinin, Sumqayıt şəhərində “Xaş-Xaş 2023” şərti adı altında keçirilən əməliyyatlarla yaş kütləsi 78 kiloqram olan 257 ədəd kultivasiya olunmuş çətənə kolu aşkar olunaraq götürülüb.
Qeyd edək ki, cari ilin əvvəlindən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.