Sumqayıtda ərini öldürən qadın: "Niyyətim başqa idi"
13 may 2024 19:38 (UTC +04:00)

Sumqayıtda ərini öldürən qadın: "Niyyətim başqa idi"

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə Əfsanə Məmmədova ifadə verib. O, ifadəsində bildirib ki, Ağahüseyni öldürmək niyyəti olmayıb:

“Əvvəllər bizim aramızda tez-tez mübahisələr olurdu, Ağahüseyn mənə deyirdi ki, “çıx get”, o uşaq istəmirdi. Amma bilmirəm nəyə görə belə deyirdi. Mən hamilə olduğumdan getmirdim, ondan 3 ay vaxt istəmişdim ki, uşaq doğulsun sonra çıxıb gedərəm. Hadisə baş verməmişdən bir gün əvvəl – yəni keçən ilin avqust ayının 8-də Ağahüseyn evə gələndə kefi yox idi, qanı qara idi. Ona görə mən ona heç nə demədim. Fikirləşdim ki, səhər danışaram onunla. Səhər yuxudan oyananda ona yenə yalvardım ki, məni qovmasın, aramızda mübahisə qızışdı, uşağıma qarğış elədi. Mən də dedim ki, “sən kimsən ki, uşağıma qarğış edirsən?” başıma külqabı ilə vurdu, sonra bıçağı götürüb üstümə gəldi. Qoluma xəsarət yetirdi. Mən onun əlini cırmaqladım və bıçağı əlindən alıb qırağa atdım. Bir neçə ay əvvəl gecələr qorxurdum deyə, yataq otağındakı kravatın altına bıçaq qoymuşdum. Eşitmişdim ki, kravatın altına bıçaq qoyanda qorxuluq gedir. Ağahüseyn də bunu bilirdi. O həmin bıçağı götürməyə gedəndə mən ondan cəld tərpənib, bıçağı götürdüm. Ağahüseyn bıçağın ucundan tutdu və bıçaq qırıldı. Sonra Ağaghüseyn o biri bıçağı tapıb, yenə üstümə gəldi. Mən ona müqavimət göstərirdim. O, budumdan dişlədi. Sonra necə oldusa bıçaq onun boğazına girdi, gerisini isə xatırlamıram ki mən onu neçə dəfə nə ilə vurmuşam. Xatırlamıram. Sonra Ağahüseyni silkələdim gördüm ki, o artıq ölüb. Zəhər içdim, amma sonra qorxdum ki, uşağa nəsə olar, çoxlu su içdim və qusdum. Paltarımı dəyişdim atama zəng etdim, o da polisə zəng elədi. 

Daha sonra Vüsalə Eyyubova zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verib. O bildirib ki, Əfsanə çox qısqanc idi, həmişə Ağahüseyni keçmiş yoldaşına, uşaqlarına görə qısqanırdı:

“Həmçinin telefonunu istəyirdi, amma Ağahüseyn vermirdi deyə mübahisələri olurdu. Ağahüseyn mənə heç vaxt uşağını istəmədiyini deməyib. Hadisədən bir gün əvvəl Ağahüseyn uşaqlarını özü ilə gəzməyə aparmışdı, Əfsanənin anası mənə zəng edib dedi ki, “Əfsanə narazıdır. Ağahüseyn niyə uşaqları özüylə gəzməyə aparıb?” Sonra Ağahüseyn evə qayıdıb, səhər də eşitdim ki, belə bir hadisə olub. 

Xatırladaq ki, növbəti məhkəmə iclası 27 may saat 15:00-a təyin edilib. Həmin iclasda digər şahidlər dindiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Corat qəsəbəsində qeydə alınıb. İmanov Ağahüseyn Hüseynağa oğlunun həyat yoldaşı 34 yaşlı Məmmədova Əfsanə İlham qızı tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

# 2601
avatar

Arzu Qurbanlı

Oxşar yazılar