Şirvanda özü özünü yandıran Vətən Müharibəsi iştirakçısı Bakıya göndərilib.
Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, o, 5 saylı Klinik Xəstəxananın Yanıq şöbəsinə aparılıb.
***
Saat 23:29
Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunub.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb. Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilib.
Lakin saat 20 radələrində Elmir Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılıb. Burada ona zəruri köməkliklər göstərilib və hal-hazırda müalicəsi davam etdirilir.
Baş verən hadisə ilə bağlı araşdırmalar aparılır.
***
Saat 23:07
Şirvanda yaşayan Yardımlı rayon sakini, 1990-cı il təvəllüdlü Abdiyev Elmir Pənahəli oğlu özünü yandırıb.
Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, üçüncü dərəcəli yanıq xəsarəti alan E. Abdiyev Şirvan xəstəxanasına yerləşdirilib.
Onun Bakıya - yanıq şöbəsinə yola salınacağı gözlənilir.
Faktla bağlı araşdırma aparılır.