Seulda baş verən dəhşətli hadisə Cənubi Koreyada ciddi rezonansa səbəb olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, metro xətti №5-də hərəkətdə olan qatarda bir sərnişin yanğın törədərək 160 nəfərin həyatını təhlükəyə atıb. Hadisə zamanı qatarda 160 nəfər olub və təqsirləndirilən şəxsə kütləvi qətl cəhdində ittiham irəli sürülüb.
Nəzarət kameralarına düşən görüntülərdə bir kişinin ağ papaqda olduğu, çantasından benzin dolu butulka çıxararaq vaqonun içinə səpələdiyi və daha sonra od vurduğu aydın görünür. Yanğından sonra vaqonda panika yaranıb, sərnişinlər təcili şəkildə çıxışlara doğru qaçıblar.
Hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan biri, hamilə qadın təlaş içində qaçarkən bir ayaqqabısını itirib.
Cənubi Koreya nəqliyyat xidmətinin nümayəndələri bildiriblər ki, sərnişinlərin və personalın çevik reaksiyası sayəsində faciənin qarşısı alınıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Şübhəlinin psixoloji vəziyyəti də müayinə edilir. Hadisənin ictimai təhlükə doğurması səbəbindən nəqliyyatda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirəyə çıxarılıb.
Bu hadisə, 2003-cü ildə Daegu şəhərində baş verən və 192 nəfərin ölümünə səbəb olan metro yanğınını xatırladaraq, ictimaiyyət arasında ciddi narahatlıq yaradıb.