Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmazda yeyib-içərkən restoranın gecə saat 12-də bağlanmalı olduğunu onun nəzərinə çatdıran polis əməkdaşını döyməsi qalmaqalına görə iki nəfərin saxlanıldığı deyilir.
Lent.az "virtualaz.org"a istinadən xəbər verir ki, bu barədə məlumatı Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli yayıb. O bildirib ki, insident zamanı deputatla birgə Xaçmaz rayon İcra Hakimiyyətinin keçmiş başçısı , YAP rayon təşkilatının sədri Şəmsəddin Xanbabayevin sürücüsü Mənsur və Xaçmazda “Zapçast Ənvər” kimi tanınan iş adamı da orada olub. Jurnalist bildirir ki, artıq hər iki şəxs polis tərəfindən saxlanılıb.
Şəmsəddin Xanbabayev isə “qaynarinfo”-ya açıqlamasında sürücüsünün hadisə vaxtı deputatla birlikdə həmin restoranda olduğunu təsdiqləyib.
“Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Amma sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm. O restoran da burada, yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Bəli, olub orada hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim”,-keçmiş başçı belə deyib.
Ş.Xanbabayev sürücüsünün də deputatla birlikdə polisi vurduğu haqda iddialara inanmadığını deyir: “O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm ki, o, davakar adam deyil. Sadəcə deputat restorana mənim maşınımda gedib”.