Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının Qarabağda keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, bu gün şəhid olan polis nəfəri Əzizbəy Etibar oğlu Muradov dəfn edilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, şəhid Əzizbəy Muradovun nəşi doğulduğu Sabirabad rayonunun Ulacalı kəndinə gətirlib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib. Şəhid, Ulacalı kənd qəbiristanlığında, yaxınlarının məzarının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Çevik Polis Alayının əməkdaşları, hərbiçilər və şəhidin yaxınları iştirak ediblər.
***
Saat: 11:35
Ordumuzun keçirdiyi lokal antiterror əməliyyatlarında ağır yaralanan polis şəhid olub.
Lent.az xəbər verir ki, Çevik Polis Alayının polis nəfəri Muradov Əzizbəy Etibar oğlu bu gün şəhadətə qovuşub.
Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
Xatırladaq ki, Əzizbəy musiqi təhsilli döyüşçü idi. O, 44 günlük müharibədə ermənilərin zəbt etmiş olduğu evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı.
Ə. Muradov “Cəbrayılın azad olunmasına” görə medalı ilə təltif edilmişdi.
Allah rəhmət eləsin!
Qeyd edək ki, bununla da Daxili İşlər Nazirliyinin şəhid olan əməkdaşlarının sayı 13-ə çatdı.