Rusiyanın Tobolsk Şəhər Məhkəməsi saxta pul nişanlarının satışı ilə bağlı cinayət işi üzrə hökm çıxarıb. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşı, azərbaycanlı Sulduz R. — RF Cinayət Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsi (RF Mərkəzi Bankının qəsdən saxta banknotlarının saxlanılması, satış məqsədilə daşınması və satışı) ilə ittiham olunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, 2023-cü ilin oktyabr–dekabr aylarında Sulduz Moskvada təxminən 563 ədəd saxta 5000 rubl nominallı əskinas əldə edib. Onların satışı üçün belə bir sxem hazırlayıb: Sverdlovsk və Tümen vilayətlərində sahibkarlardan ət və balıq məhsulları alıb. Cinayət niyyətindən xəbərsiz olan D. və A. adlı vasitəçilərdən istifadə edib. Sulduz düşünüb ki, satıcılarda əskinasların həqiqiliyini yoxlayan cihazlar yoxdur və buna görə də ödənişləri saxta pullarla həyata keçirib.
Lakin onun cinayət fəaliyyəti satıcıların və bank əməkdaşlarının diqqəti sayəsində ifşa olunub. Belə ki, Sverdlovsk vilayətində mağazalardan birinin satıcısı başqa bir alıbı ilə hesablaşma zamanı saxta əskinaslardan şübhələnib. Polis çağırıldıqdan sonra məlum olub ki, sahibkar satdığı ət məhsullarına görə 183 ədəd saxta əskinas (ümumi məbləği 920 000 rubl) alıb. Bu məbləğ üzrə mülki iddia qaldırılıb.
Tobolskdan olan sahibkar Ş. isə balıq məhsullarının satışı zamanı saxta pullar alaraq 1,8 milyon rubldan çox zərərə məruz qalıb. O, saxtakarlığı bankomat əskinasları qəbul etmədikdə aşkar edib. Məhsulun bir hissəsi (1 171 612 rubl dəyərində) Surquta daşınarkən polis tərəfindən müsadirə edilərək zərərçəkənə qaytarılıb. Faktiki zərər 686 697 rubl təşkil edib və bu məbləğ üzrə də mülki iddia qaldırılıb.
Ekspertiza təsdiqləyib ki, götürülmüş əskinaslar kustar üsulla iki yapışdırılmış kağız vərəq üzərində rəngli şırnaqlı çap metodu ilə hazırlanıb və dövlət standartlarına uyğun deyil.
Məhkəmədə təqsirləndirilən şəxs günahını etiraf etməyərək cinayətin A. və D. tərəfindən törədildiyini iddia edib. Lakin məhkəmə sübutları kifayət qədər əsaslı hesab edərək Sulduz R.-ni ümumi rejimli islah müəssisəsində 3 il müddətinə azadlıqdan məhrum edib.
Zərərçəkmiş sahibkarların mülki iddiaları tam həcmdə təmin olunub.
Hökm hələ qanuni qüvvəyə minməyib və müəyyən edilmiş qaydada şikayət edilə bilər.
Qeyd edək ki, Sulduzun alver zamanı istifadə etdiyi ümumi məbləğ 2 milyon 100 min manat (təxmibnən 44 min 370 manat) olub.