Aralarında qadının da olduğu cinayətkar qrup 3 rayonda mal-qara oğurlayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsinə rayonun Soltankənd, Hacıhətəmli,Qoşakənd, Qurbanəfəndi, eləcə də şəhər ərazisində yerləşən evlərin həyətyanı sahələrindəki tövlələrdən ümumilikdə 12 baş iri və xırdabuynuzlu mal-qaranın oğurlanması barədə müraciətlər daxil olub. Keçirilən əməliyyat zamanı həmin cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Pirverdiyev, Radim Qədirov və Əfsanə Tarverdiyeva saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Onlar ifadələrində oğurluqları gecə saatlarında evlərdə heç kimin olmamasından əmin olduqdan sonra törətdiklərini bildiriblər. Əməllərini həyata keçirdikdən sonra isə istifadələrində olan “Ford” markalı yük avtomobili ilə Bakı şəhərinə apararaq orada Maştağa, Nardaran və Bülbülə qəsəbələrində satıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin Qəbələ və Göyçay rayonlarında da mal-qara oğurladıqları məlum olub.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.