Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə Qızılağac Milli Parkında baş verən insidentlə bağlı açıqlama verib.
Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, o qeyd edib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlər mühafizə yegerləri Ceyhun Mustafayev, Zahir Bəşirov və sahə müfəttişi Natiq Rzazadəyə bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb.
“Yaralanan mühafizə işçiləri Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda müalicələri davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Daha ətraflı məlumat araşdırmadan sonra veriləcək”.
***
Saat: 11:47
Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon Prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla yanvarın 27-də saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə qeyd edilən parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açaraq sonunculara xəsarət yetirilməsi müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.