Bu gün Hərbi Prokurorluqda ötən ilin yekunlarına dair kollegiya iclası keçirilib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, iclasda çıxış edən hərbi prokuror ədliyyə general-leytnantı Xanlar Vəliyev bildirib ki, 2020-ci ildə cinayətlərin 99.5 faizinin üstü açılıb. Onun sözlərinə görə, hesabat dövründə qeydə alınmış cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 36,1 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 faiz, qeyri hərbi cinayətlər isə 18,6 faiz azalıb.
Eyni zamanda 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 faiz, xuliqanlıq cinayətləri 83,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 faiz azalıb.