Dekabr ayının 26-da saat 15:40-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245”bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Qurumun mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.
Keçirilmiş axtarış tədbirləri nəticəsində saat 17:30-da dənizdə köməksiz vəziyyətdə qalmış balıqçı qayığında Astara rayon Şahağacı kənd sakinləri 50 yaşlı Rəhmanov Ramiz Əliağa oğlu və 42 yaşlı Hümmətov Zərif Əhəd oğlu sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.