Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozduğu üçün nəzarət-yoxlama qaydasında saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ağdaş şəhər sakini Nurlan Səmədovun narkotik vasitənin təsiri altında olmasına dair şübhəli olduğundan onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.
N.Səmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 5 sutka inzibati həbs olunub.
Qeyd edək ki, həmin şəxs ötən il də narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb.