Bakı ərazisində avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, noutbuk, pul kisələləri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov tutulub.
Araşdırmalar zamanı onun Nərimanov rayonu ilə yanaşı, Yasamal və Nəsimi rayonlarında da 10-a yaxın avtomobilin şüşəsini sındırdığı müəyyən edilib. Bu şəxsin törətdiyi qanunsuz əməllərin bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.
İlqar Məmmədov barəsində 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
_1687516746.jpeg)
