Daxili İşlər Nazirliyi Masallıda təcili tibbi yardım avtomobilinin qəza törətməsi barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yol ayrıcında baş verib. Rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi "Mercedes Benz" markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobil toqquşub.
Nəticədə "Mercedes" markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib, sürücü və 2 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Saat: 10:45
Masallıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.
Bundan başqa, "Bioloji Təbabət" Klinikasının Masallı filialının maşında olan 3 əməkdaşı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti stabildir, biri isə dərhal əməliyyata götürülüb.