Kürdəmirdə ərə verilməsi barədə xəbəri yayılan azyaşlının valideynləri dindirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.
Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.
Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.
***
saat 14:10
Azərbaycanda 8-ci sinif şagirdi ərə verilib.
Lent.az xəbər verir ki, Kürdəmir rayonu Muradxan kəndinin Gəncəli məhəlləsində baş vermiş məclisdən videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Videonun altına şərh bildirən istifadəçilər adıçəkilən kənddə belə hadisələrin tez-tez baş verdiyini, 8-9-cu sinif şagirdi olan qızların nişanlamnası adi hal aldığını bildiriblər.
Məsələyə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun açıqlamasına görə, evləndirildiyi iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunub. Onun sözlərinə görə, məktəbli qızın evləndirilməsi faktı təsdiqini tapmayıb, sadəcə ailələr arasında kiçik nişan mərasimi keçirilib:
“Valideynlər övladları üçün kiçik nişan mərasimi təşkil etdikləri məlum olub və valideynlər qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra onların toy mərasiminin keçiriləcəyini bildiriblər.
Həmçinin, ailələr nəzarətə götürülüb. Yeniyetmələrin yetkinlik yaşına çatmamış evləndirilməsindən söz gedə bilməz”.
Mətbuat katibi əlavə edib ki, məktəbli qız hazırda dərslərini davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamaya görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır.