Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb.
Lent.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verdiyi “KamAZ” markalı, 77-CF-094 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Mərhəmət Babayev polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində avtomobil saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Mərhəmət Babayev nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etdiyinə, həmin inzibati xətanı il ərzində təkrar törətdiyinə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati qaydada məsuliyyətə cəlb edildiyinə görə polisin qanuni tələbinə tabe olmayaraq yayınmağa çalışıb və qanunazidd əməllərini davam etdirib.
Bununla bağlı sürücü barəsində inzibati qanunvericiliyə uyğun protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Mərhəmət Babayev inzibati qaydada həbs edilib.