“Dəstəyiniz ilə problemimiz həll edildi. Sizə sonsuz minnətdarıq”.
Bu sözləri Lent.az-a açıqlamasında işləmək üçün Efiopiyaya gedərək, problemlə qarşılaşan azərbaycanlı Mehman Mustafayev deyib. O bildirib ki, artıq “Bay Construction” şirkəti ilə işçilər arasında yaranan problem həllini tapıb:
“Saytınızda hadisənin işıqlandırılması və yaranmış vəziyyətlə bağlı Xarici İşlər Nazirliyinə müraciət etməniz sayəsində qısa müddətdə problem aradan qalxdı. Nazirlik vəziyyətə müdaxilə edib və bizim əmək haqlarının ödənilməsinə dair təminat verilib.
Məlumat dərc edildikdən sonra axşam şirkət nümayəndəsi bizi çağırdı və ortaq razılığa gəldik. Şirkət əvvəlcədən razılaşdığımız maaşı bizə verməyə və şərtləri qəbul etməyi öhdəsinə götürdü. Yemək verilməsi və evlə bağlı yaranmış problem də həll edildi. Hazırda çox yaxşıyıq, işləyirik. Mənimlə birgə olan 5 nəfərin də sizə sonsuz minnətdarlığı var. Əgər hər hansısa problem yaranarsa, yenidən sizə məlumat verəcəyik”.
Xatırladaq ki, mövzunu saytımızda yanvar ayının 14-də işıqlandırmışdıq. Yaranmış vəziyyətlə bağlı M.Mustafayev bildirmişdi ki, “Bay Construction” adlı şirkətin təşkilatçılığı ilə dekabrın 26-da 6 nəfərlik bir heyətlə təyyarə ilə Bakıdan Efiopiyaya yollanıblar:
“Bizə bildirmişdilər ki, 24.000 kvadrat metrlik alçipan işi görəcəyik. Gələndən sonra gördük ki, işləmək üçün gəldiyimiz Bahır-Dar şəhərində yerləşən 18 mərtəbədən ibarət olan “Grand Resort & SPA” adlı oteldə hələ heç sökülmə işləri tam yerinə yetirilməyib və alçipan işinin başlanmasına hələ 3-4 ay var. Bundan sonra məcbur olub, "qara iş"ləri görməyə başlamışıq. Sözügedən şirkətin nümayəndəsi İlham Nəsirov buraya gəldikdən sonra isə gördüyümüz işlər üçün çox cüzi qiymət dedi. Onun dediyi qiymətlə biz bir aya uzağı 250-300 manat qazana bilərik. Etiraz edib, Azərbaycana qayıtmaq istədiyimizi bildirdikdə dedi ki, özünüz çıxıb gedin. Bu yandan da qayıtmağa pulumuz yoxdur, gördüyümüz işlərin belə pulunu bizə vermirlər”.