“Bay Construction” adlı şirkət mənimlə birlikdə daha 5 nəfəri işləmək üçün Efiopiyaya gətirib”.
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan vətəndaşı Mehman Mustafayev deyib. Onun sözlərinə görə, dekabrın 26-da 6 nəfərlik bir heyətlə təyyarə ilə Bakıdan Efiopiyaya yollanıblar:
“Bizə bildirmişdilər ki, 24.000 kvadrat metrlik alçipan işi görəcəyik. Gələndən sonra gördük ki, işləmək üçün gəldiyimiz Bahır-Dar şəhərində yerləşən 18 mərtəbədən ibarət olan “Grand Resort & SPA” adlı oteldə hələ heç sökülmə işləri tam yerinə yetirilməyib və alçipan işinin başlanmasına hələ 3-4 ay var. Bundan sonra məcbur olub, "qara iş"ləri görməyə başlamışıq. Sözügedən şirkətin nümayəndəsi İlham Nəsirov buraya gəldikdən sonra isə gördüyümüz işlər üçün çox cüzi qiymət dedi. Onun dediyi qiymətlə biz bir aya uzağı 250-300 manat qazana bilərik. Etiraz edib, Azərbaycana qayıtmaq istədiyimizi bildirdikdə dedi ki, özünüz çıxıb gedin. Bu yandan da qayıtmağa pulumuz yoxdur, gördüyümüz işlərin belə pulunu bizə vermirlər”.
M.Mustafayev başına gələnlər barədə sosial şəbəkə hesabında da yazıb:
"Mən hal-hazırda Efiopiyadayam...15 gündür burdayıq, işlədiyimiz pulu da ala bilmirik, nə də bizi evə yola salmırlar. Bu şirkət bizi kölə qiymətinə işlətməyə çalışır, razı düşmədiyimizə görə, bizə yemək də vermirlər hətta... Bir sözlə adam dəllallığı ilə məşğuldurlar...".
Saytımıza açıqlamasında o, əlavə etdi ki, etiraz etdikdən sonra onları qaldıqları evdən çıxarmaq istəyiblər və hazırda yemək belə vermirlər:
“Burada başqa bir Türkiyə şirkəti də var. Onlar bizim evdən qovulmağımızın qarşısını aldılar. Yeməyimizi isə öz ciblərindən pul verməklə alırlar. Amma onlar da bir neçə günə çıxıb gedəcəklər.
Bizə elektron viza almışdılar. Hazırda 3 aylıq turist vizamız var. Demişdilər ki, ölkəyə girəndən 1 həftə sonra işçi vizası veriləcək, lakin verilmədi.
Təhlükəsizliyimizlə bağlı da heç bir tədbir görülməyib. Çoxmərtəbəli binada açıq balkonda işlətmək istəyirlər. Sabah bizə nə olacaq, başımıza nə gələcək, bilmirik. Ölkəmizə qayıtmaq üçün dövlətimizdən kömək istəyirik”.
Qeyd edək ki, M.Mustafayevin şikayəti ilə bağlı Lent.az olaraq, Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq, məsələnin araşdırılması üçün sorğu ünvanlamışıq. Nazirlik məsələnin araşdırılacağını və müvafiq məlumat veriləcəyini bildirib.