Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əliqasımlı kəndi ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Göygöl rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Bayram Ələkbərov və Ramin Məmmədov sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslərə məxsus bağlamanın içərisindən 5 kiloqramdan artıq heroin, 2 kiloqramdan artıq marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla B.Ələkbərov və R.Məmmədovun İranda yaşayan narkotacir vasitəsilə əldə etdikləri həmin narkotik vasitələri müxtəlif ünvanlara çatdırmaqla satışını təşkil etməli olduqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.