Vəkillərin müdafiə çıxışı yekunlaşmadığı üçün İlkin Süleymanovla bağlı prosesə sabaha kimi ara verilib.
Lent.az xəbər verir ki, bu barədə APA-nın prosesdə iştirak edən müxbiri xəbər verib.
***
17.06
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri - Əlibaba Rzayev, Zabil Qəhrəmanov, Murtuzəli Abbasov müdafiə çıxışı edirlər. Vəkillər birgə hazırladıqları çıxışda İlkin Süleymanova bəraət verilməsini istəyiblər. Qeyd olunub ki, İlkin Süleymanovun ittiham olunduğu cinayətlə əlaqəsi yoxdur: “İlkin Süleymanov günahkar deyil. Dəlil və sübutlar, şahid ifadələri, o cümlədən İlkinlə bir kamerada saxlanılan şəxslərin, müxtəlif ekspertlərin ifadələri də müttəhim kürsüsündə oturan şəxsin cinayətkar olmadığını təsdiqləyir. Gerçək çılpaqlığı ilə ortada olsa da, prokuror ona 20 il iş istəyib”.
Proses davam edir.
***
Saat: 16:35
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Lent.az xəbər verir ki, bu gün İlkin Süleymanovun son söz deyəcəyi və ona hökm oxunacağı gözlənilir.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Prokuror İlkin Süleymanovun ittihamda göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməsini, cəzasının yarısını ciddi rejimli, yarısını isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərtilə 20 il azadlıqdan məhrum edilməsini istəyib.