Perinatal Mərkəzin direktoru son iclasda xəstəxanalıq oldu  - Hakimdən XƏBƏRDARLIQ
03 iyun 2026 14:43 (UTC +04:00)

Perinatal Mərkəzin direktoru son iclasda xəstəxanalıq oldu - Hakimdən XƏBƏRDARLIQ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində “Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin hökmü təxirə salınıb.

Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova - Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehriban Abbasquliyevanın vəkili onun səhhətinin pisləşdiyini bildirib.

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyevaya söz verilsə də, o, çıxışa hazır olmadığını deyib, məhkəmədən vaxt istəyib. Hakim ona 1 saat vaxt verib. Verilən vaxt başa çatdıqdan sonra Mehriban Abasquliyeva iclasa gəlməyib. Vəkili məhkəməyə bildirib ki, müvəkkilinin səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.

Məhkəmə tərkibi prosesin sabah saat 15:00-a təyin olunduğunu bildirib. Qeyd olunub ki, əgər təqsirləndirilən sabah da gəlməsə, barəsində həbs qətimkan tədbiri seçiləcək.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək Mehriban Abbasquliyeva 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə, Elnur Əhmədli və Mustafayev Amilin 7 il müddətinə azadlıqdan məhrum edilməklə barələrində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə zalından həbs olunmasını istəmişdi. Həmçinin təqsirləndirilən şəxslərin mülkiyyətinin bir qisminin satılıb dəyən ziyanın ödənilməsinə sərf edilməsi istənilib.

Xatırladaq ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor, eləcə də Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Eyni zamanda cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin  Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar