Uşaqların beyninə  zərər verən qida boyası
03 iyun 2026 11:00 (UTC +04:00)

Uşaqların beyninə zərər verən qida boyası

0

ABŞ məhsul və kosmetik vasitələrin təhlükəsizliyinə nəzarəti ciddi şəkildə sərtləşdirmək qərarına gəlib və məşhur sintetik boya maddəsi eritrozin daha çox Red No. 3 və ya E127 adı ilə tanınan əlavənin istifadəsini tam qadağan edib. Bu maddə uzun illər ərzində şirniyyatlarda, içkilərdə və parlaq qırmızı rəngli kosmetik vasitələrdə istifadə olunurdu.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Amerika hakimiyyəti istehsalçılara müəyyən edilmiş müddət ərzində bu əlavədən imtina etməyi və məhsulların tərkibini dəyişməyi tapşırıb.

Şirkətlər 2027-ci ilin yanvarına qədər E127-ni məhsulların tərkibindən tam çıxarmalıdırlar. Eritrozin sintetik azo boyalar qrupuna daxildir və qida ilə kosmetika sənayesində məhsullara parlaq qırmızı rəng vermək üçün geniş istifadə olunur. Bu boya Avropa İttifaqı ölkələrində, həmçinin Avstraliya, Yeni Zelandiya və Çində hələ də icazəli sayılsa da, istifadəsi ciddi dozalarla məhdudlaşdırılır.

ABŞ-da isə tənzimləyici qurumlar maddənin təhlükəsizliyi ilə bağlı uzun illər davam edən mübahisələrdən sonra onu tam qadağan etmək qərarına gəliblər. Qadağanın əsas təşəbbüskarlarından biri insan sağlamlığı üçün bu əlavənin potensial təhlükələri barədə dəfələrlə xəbərdarlıq edən ictimai təşkilatlar olub.

Center for Science in the Public Interest təşkilatının prezidenti Peter Lurie bildirib ki, ABŞ-ın Food and Drug Administration qurumu nəhayət ziddiyyəti aradan qaldırıb. Çünki bu boya dodaq kosmetikasında qadağan olunsa da, uşaqlar üçün istehsal olunan şirniyyatlarda istifadə olunmağa davam edirdi.

E127 hansı məhsullarda olur?

Eritrozin uzun müddət parlaq qırmızı rəngli məhsullarda istifadə edilib. Xüsusilə:

konfet, marmelad və drajelərdə;

dondurma, yoqurt və kəsmikli desertlərdə;

şirin qazlı içkilər, siroplar və desert əlavələrində;

xəmir məhsulları, peçenye və kremlərdə;

pomada, dodaq parıldadıcısı və dırnaq lakı daxil olmaqla kosmetik vasitələrdə.

Bu boya ilə hansı risklər əlaqələndirilir?

Center for Science in the Public Interest təşkilatının 2010-cu ildə yayımladığı araşdırmalara əsasən, eritrozin potensial kanserogen və genotoksik maddə hesab olunurdu. Bundan əlavə, mütəxəssislər onun uşaqlarda davranış pozuntularına səbəb ola biləcəyini bildirirdilər. 2014-cü ildə aparılan sonrakı araşdırmalar isə E127 istifadəsinin digər mümkün mənfi nəticələrini də göstərib. Bunlar arasında:

işığa qarşı yüksək həssaslıq;

diqqət toplama və öyrənmə problemləri;

qaraciyər, ürək, mədə və qalxanabənzər vəziyə mənfi təsir;

reproduktiv funksiyalarda mümkün pozuntular var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar