Gəncədə qaçqın yataqxanasında öldürülən qadınla bağlı yeni faktlar məlum olub.
Lent.az xəbər verir ki, qardaşı tərəfindən öldürülən Səbinə Abbasova müğənni imiş. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ögey qardaşıdır.
***
09:04
Daxili İşlər Nazirliyi Gəncədə törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinə Gəncə şəhər ərazisindəki yataqxanaların birində bir nəfər qadına kəsici-deşici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Dərhal Kəlbəcər Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Bərdə rayon sakini, 39 yaşlı Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 34 yaşlı Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirmiş və sonuncu xəstəxanaya aparılan zaman ölmüşdür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır
***
saat 08:44
Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 34 yaşlı Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Baş prokurorluqdan Lent.az-a bildirilib ki, araşdırmalarla 39 yaşlı Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.