İndoneziyada futbol oyunundan sonra baş verən iğtişaşların təfərrüatları məlum olub.
Lent.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İzdihamda ölənlərin sayı 174-ə çatıb. Bununla əlaqədar İndoneziya prezidenti Coko Vidodo futbol oyunlarında təhlükəsizlik tədbirlərinə yenidən baxılması və insidentlə bağlı hərtərəfli araşdırma aparılması barədə göstəriş verib. O, həmçinin İndoneziya Futbol Assosiasiyasına təhqiqata qədər Liqa 1-in bütün oyunlarını dayandırmağı əmr edib.
***
04:13
İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında iki polis əməkdaşı da var.
Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.
Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.
Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.