Gədəbəydə əmisini öldürüb, əmisi arvadını yaralayan Arzu İsgəndərovun cinayət işi üzrə ibtidai sitntaq yekunlaşıb.
Gədəbəy rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, ötən il iyulun 12-də, saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, onun arvadı Səniybər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilərək, hadisə yerinə və meyitə baxış keçirilmib. Maddi sübutlar götürülərək, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış istintaq zamanı mərhum Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı xüsusi amansızlıqla Oruc İsgəndərovu qəsdən öldürməsinə, Səniybər İsgəndərovanı isə qəsdən öldürməyə cəhd etməsinə, həmçinin sonuncuların yaşadıqları evi yandıraraq əmlaklarını məhv etməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Arzu İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Arzu İsgəndərovun Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.