Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilir.
Qurumdan Lent.az-a verilən məlumata görə, belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.
Qeyd etmək istərdik ki, DTX-nın rəsmi internet saytı olan “https://www.dtx.gov.az/az/” və “Facebook”, “Twitter”, “İnstagram”, “Youtube” sosial şəbəkələrində müvafiq olaraq “https://www.facebook.com/DTXAzerbaijan”, “https://twitter.com/DTX_Azerbaijan”,“https://www.instagram.com/azerbaijandtx/”,“https://www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nın sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.
Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nın rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.
Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nın fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nın rəsmi internet resurslarından əldə olunmalıdır.