Yevlax şəhər İrəvanlı qəsəbə tam orta məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyindən daxil olmuş materiallar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma ilə bu məktəbin vəzifəli şəxsinin (şəxslərinin) 2016-2021-ci illər ərzində bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 44 min 434 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.