Ölkədə karantin rejiminin tətbiqi, aprelin 5-dən isə evdən yalnız zəruri məsələlər üçün çıxmağa icazənin verilməsindən sonra bəziləri müxtəlif bəhanələrlə istəklərini həyata keçirməyə başladılar. Xüsusən də kafe və restoranların bağlanması əyləncə və oyun həvəskarlarının işini daha da çətinləşdirdi. Koronavirusdan qorunmaq və problemin həll olunması üçün hər kəsə "evdə qal" çağırışları edilən bir vaxtda həmin insanlar min cür üsula əl ataraq, istəklərinə nail olmağa çalışırlar. Onlardan bəziləri 8103-dən nəzərdə tutulan qaydada icazə alıb pozuntuya yol verdilər, bəziləri isə gizlin yerlərdə dostlarla görüşdülər. Müxtəlif üsullarla bir şəhərdən digərinə getmək istəyənlərə də rast gəlindi.
Lent.az karantin günlərində baş verən pozuntulardan bir neçəsini təqdim edir:
Yol verilən pozuntular arasında əsas üstünlüyü kafelərin gizli fəaliyyət göstərməsi tutur. Demək olar ki, hər gün ölkənin müxtəlif bölgələrində gizli fəaliyyət göstərən kafe aşkarlanır. Nəticədə kafe sahibi cərimələnib, yaxud həbs edilib, müştərilər isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 100 manat cərimə olunublar.
Digər pozuntulardan biri rayondan o birinə, yaxud Bakıya giriş etmək istəyənlərin əl atdığı üsullardır. Ölkədə karantin rejimi ilə əlaqədar rayon və şəhərlərarası hərəkətin məhdudlaşdırılmasından sonra kimisi avtomobilin "baqaj"ında, kimisə də meşədən gizlincə keçərək o biri rayona getmək istədi. Məsələn, aprelin 14-də Ağsu sakinləri Xəqani Əsədov və Elşən Cəbrayılovun meşə ərazisi ilə Şamaxı rayonuna keçmək istədikləri müəyyən olunub. Onlar qaçmağa cəhd etsələr də, saxlanılaraq inzibati həbs ediliblər.
Ümumilikdə, karantin tətbiq ediləndən bu yana əsasən avtomobillərin "baqaj"ında postlardan yayınmağa çalışan çoxlu sayda vətəndaş müəyyən edilərək cərimələnib. Məsələn, aprelin 15-də Şəki sakini Anar Sadıqov həmyerlisi Bəhlul Yusibovu idarə etdiyi "Toyota" markalı avtomobilin "baqaj"ında gizlədib Balakənə keçirmək istəyərkən saxlanılıb. Hər ikisi 100 manat cərimələnib.
Əsas pozuntulardan biri kafelərin bağlanmasına görə ortaya çıxıb. Hər gün çay evlərində domino, nərd və s oynamağa öyrəşənlər indiki durumda da niyyətlərini reallaşdırmağa çalışırlar. Məsələn, bu gün Tərtərdə avtomobil sexinin qarşısında stolüstü oyunlar oynayan 6 nəfər cərimlənib.
Aprelin 14-də isə paytaxtın Səbail rayonunda xeyir-şər evini oyun mərkəzinə çevirən 6 nəfər saxlanılaraq, cərimələniblər.
Ancaq aprelin 15-də Zərdabın Seyidlər kəndində Kür çayının sahilində bir neçə nəfərin yeyib-içmək təşkil etməsi bu pozuntular sırasında daha çox danışılan hadisə oldu.
Yol verilən pozuntulardan biri də gənclərin futbol oynamq istəyidir. Məsələn, bu gün Lənkəranda 6 nəfər 8103-dən zəruri hallar üçün icazə alıb çölə çıxsa da, futbol oynadıqları məlum olub və hamısı cərimələniblər. Ümumilikdə isə bu pozuntu karantin başlayandan bəri ilk belə hadisə deyil.
Növbəti tez-tez rast gəlinən pozuntulardan biri də 8103-ün 3 nömrəli mesajına yalan mesaj göndərənlərdir. Dünən 50, sırağagün isə 56 nəfər həmin nömrəyə qohumlarının yas mərasimində iştirak etmək üçün həqiqətə uyğun olmayan məlumat verərək evdən çıxıblar. DİN əməkdaşları onların da bu əməlini üzə çıxarıb və hər birini 100 manat cəimələyib.