«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 1993-cü il yanvarın 22-dəki Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Əzizov Aydın Əjdər oğlu, Əskərov Mirsadiq Rakif oğlu, Bağırov Fərid Ümüdvar oğlu, Həsənov Pünhan Camal oğlu, Yusifov Taleh Rəşid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətlərini Rusiya Baş Prokurorluğu təmin edib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa elan ediliblər.
Dekabrın 21-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə yuxarıda göstərilən şəxslər Rusiyadan Azərbaycana gətiriliblər.