Bakıda polisə tabe olmayan sürücünü saxlamaq üçün odlu silahdan istifadə olunub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, paytaxtın Səbail rayonunda “Mercedes” markalı avtomobil yol hərəkətini qaydalarını pozduğu üçün ona “Saxla” əmri verilib. Lakin o, tabesizlik göstərərək qaçmaq istəyib. Belə olduqda Yol Patrul Xidməti əməkdaşları xidməti silahla atəş açaraq, onu avtomobili saxlamağa vadar ediblər.
Həmçinin tabesizlik göstərən sürücü bu zaman 3 avtomobilin toqquşmasına səbəb olub.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, hadisə ilə bağlı cinayət işi başlanıb:
“Bu gün gecə saatlarında 39 yaşlı Səbail rayon sakini Muradov Yaşar Əli oğluna idarə etdiyi yük avtomobili ilə yolayrıcını keçmə qaydasını pozduğuna görə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Onu da qeyd edim ki, polisə tabesizlik göstərərkən yaxınlıqdakı 5 avtomobilə ziyan vurub. Bu səbəbdən yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar. Atəşlə avtomobilin arxa təkərlərini partladıblar və sürücünü saxlayıblar.
Saxlanılarkən şəxsin anlaqsız vəziyyətdə, sərxoş olduğu məlum olub. Şəxsdən kəskin spirt qoxusu gəlib. O, yol polisinə tabe olmadığı üçün əraziyə dəstək üçün post patrul xidmətinin əməkdaşları cəlb edilib. Şəxs saxlanıldıqdan sonra həkim müayinəsinə aparılıb. Məlum olub ki, o, nəinki alkoqollu içkinin təsiri altındadır, həm də narkotik vasitə qəbul edib. Şəxs barəsində protokol tərtib edilib və zəruri araşdırmalar aparılır. Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb”.