Bakıda metaləritmə zavodunda ölüm hadisəsi olub.
Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, yanvarın 11-də saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub..
Araşdırmalarla müəyyən edilib ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirərək, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.