Vəkil Zaur Məmmədovun qardaşı onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Vəkillər kollegiyasının yanında özünü yandıraraq intihar edən Salyan vəkil bürosunun vəkili Zaur İsa oğlu Məmmədov Hacıqabul şəhər sakinidir. 36 yaşlı Z.Məmmədov subay olub. Ailənin kiçik övladı olan Zaur ailədə 2 qardaş bir bacıdılar. Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 78 ünvanında qeydiyyatda idi.
Qardaşı Seymur Məmmədov bildirib: “Dünən atam onunla telefonla danışıb. Atam dedi ki, bayramdı, gəl bir yerdə keçirək. Zaur da cavabında deyib ki, bu gün (31 dekabr) yox, sabah gələcəyəm. Yəni, bu gün onu gözləyirdik. Bu gün də eşitdik ki, bu hadisə baş verib. Heç bir problemi yox idi”.
İntihar etməyə bir səbəbin olmadığını bildirən qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd edib.
***
21.32
Bakıda vəkilin özünü yandıraraq intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.
Lent.az xəbər verir ki, Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlunun Vəkillər Kollegiyasının qarşısında üzərinə tezalışan maddə tökərək özünü yandırması faktı ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
***
21.21
“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.
Lent.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
"Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidərəndə Salyan rayon Vəkil Bürosunun müdri ilə əlaqə saxladım. Büro müdri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansısa problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq" – Bağırov deyib.
***
20.02
Vəkil Zaur Məmmədov intihar edib.
Lent.az-ın məlumatına görə, Z.Məmmədov hələ ki bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Qeyd edək ki, Zaur Məmmədov Salyan rayon Bürosunda fəaliyyət göstərirdi.("Qafqazinfo")