Xətai rayonunda baş verən yanğında iki mənzil yanıb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçisi Ramazan Ramazanov deyib.
Onun sözlərinə görə yanğınla bağlı məlumat saat 00:10 radələrində daxil olub.
"Hadisə yerinə çatarkən binaların həyətində park edilmiş avtomobillər yanğın texnikasının həyətə daxil olmasına maneə yaradıb. Bu səbəbdən bir az ləngimə olmuşdur. Yanğın iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermişdir. Üçotaqlı studiya mənzildə 2 otaq, mətbəx, dəhliz yanıb və bir otaq yanğından mühafizə edilib. Bundan əlavə 19-cu mərtəbədə yerləşən mənzilin plastik pəncərə çərçivəsi və 1 kvadratmetr döşəməsi yanmışdır. Yanğının söndürülməsinə Bakı Regional Qrupunun əməkdaşları da cəlb edilib. Bundan əlavə sakinlər təxliyyə edilib. Üç nəfər mühafizəçi tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib", - deyə qeyd olunub.
***
Saat 02:08
Bakının Xətai rayonundakı binada baş verən yanğında xəsarət alanlar var.
Lent.az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, biri bina mühafizəçisi olmaqla üç nəfər tüstüdən zəhərlənib.
Həmin şəxslər əraziyə çağırılan təcili tibbi yardım briqadaları ilə xəstəxanaya aparılıb.
Xatırladaq ki, iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın söndürülüb.
Nurlan Əli
***
Saat 02:00
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunub.
***
Saat 01:33
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Lent.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Saat 01:02
Bakıda binada yanğın baş verib.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektindəki binalardan birində qeydə alınıb.
İlkin ehtimala görə, yanğın eyvana düşən fişəngdən baş verib.