Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə onun həyatı xilas edilib.
Fakt üzrə Səbail RPİ-də cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır.
C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
***
10 yanvar, saat 23:19
Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.
Lent.az-ın məlumatına görə, hadisə dərsdən sonra baş verib.
Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb. Şagird hazırda xəstəxanadadır, əməliyyat olunub, vəziyyəti ağır-stabildir.
Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.