Yekaterinburqda məhkəmə istefada olan general-mayor Ramil Gilyazovu azyaşlıya təcavüz etdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, kişi 131-ci maddənin 3-cü hissəsinin “a” bəndi (“Zorlama”), 132-ci maddənin 3-cü hissəsinin “a” bəndi (“Seksual xarakterli zorakılıq hərəkətləri”) və 230-cu maddə ilə (“Yetkinlik yaşına çatmayanları narkotik vasitələrdən istifadə etməyə sövq etmək”) təqsirli bilinib.
O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Onun şərikləri, regional xərçəng klinikasının mobil palliativ xidmətinin rəhbəri İvan Sobaçov və 40 yaşlı Oksana Qortinskaya da məhkum edilib. Onlar müvafiq olaraq doqquz və səkkiz il həbs cəzası alıblar.
Təqsirləndirilən şəxslər 2022-ci ildə saxlanılıb. Zərərçəkmişin ifadəsinə əsasən, cinayətin baş verdiyi mənzildən spirtli içki və narkotik vasitələr aşkar edilib. Zərərçəkən xüsusi məktəbdə oxuyan 15 yaşlı şagirddir. O, şübhəlilərlə sosial şəbəkədə tanış olub və onlar qızı şirnikləndirərək ələ alıblar.