Ağstafada 10 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, martın 13-də Ağstafa şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində 10 nəfərin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 10 nəfərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
Araşdırma davam etdirilir.
***
saat 22:12
Ağstafada dönərdən zəhərlənənlərin adları məlum olub.
Lent.az xəbər verir ki, zəhərlənən şəxslər rayon sakinləri Ö.Abbasov, N.Abbasova, M.Məmmədli, Z.Məmmədli, M.Rəhimova, H.Sadıqzadə, G.Sadıqzadə, F.Yolçiyeva və H.Rəhimovadır.
***
21:27
Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.
Lent.az xəbər verir ki, yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.
8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Hazırda zəhərlənənlərə xəstəxanada ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.