İyunun 11-də saat 20 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində rayon sakini, 27 yaşlı Vaqif Musayev idarə etdiyi “VAZ 21015” markalı avtomobillə sərxoş halda hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişinlər Elçin Verdiyev və Kənan Yüzbaşıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər sərnişin Elmar Şahverdiyev isə aldıqları bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.