Qaradağ rayonu Sahil qəsəbəsində bir qrup şəxs dini mərasim keçirməyə cəhd edib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 30-da Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsindəki evlərin birində bir qrup şəxsin dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb karantin qaydalarını pozaraq dini mərasim keçirməsi barədə rayon Polis İdarəsinin İcimai Təhlükəsizlik Şöbəsinə məlumat daxil olub. Dərhal rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşları tərəfindən qeyd edilən ünvan nəzarətə götürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı mərasimin təşkilatçısı, qəsəbə sakini Vüsal Tarverdiyev və daha 25 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. İdarədə onlarla profilaktik söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozan 25 nəfər barəsində inzibati protokollar tərtib olunub və onların hər biri cərimələnib. Məclisin təşkilatçısı V.Tarverdiyev barəsində isə məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs qərarı verilib.