HƏBİBƏ QASIMOVA
(1922-2014)
Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim, ABŞ-ın İllinoys EA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Həbibə Süleyman qızı Qasımova 1922-ci il avqustun 24-də Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 1965-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, 1960-1989-cu illərdə Mikrobiologiya kafedrasının müdiri olub. 150-dən artıq elmi əsərin, 5 tədris kitabının, 2 ixtiranın müəllifidir. Həbibə Qasımova 18 noyabr 2014-cü ildə Bakı şəhərində vəfat edib.
NAZİM ƏLİVERDİBƏYOV
(1926-1985)
Azərbaycan bəstəkarı Nazim Ağalar oğlu Əliverdibəyov 24 avqust 1926-cı ildə Rusiyanın Kislovodsk şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951-1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1964-1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. Üzeyir Hacıbəyovun nəşr edilmiş "Leyli və Məcnun" və "Koroğlu" operalarının partituralarının redaktoru olub. Nazim Əliverdibəyov 17 fevral 1985-ci ildə dünyasını dəyişib. O, dahi bəstəkar Üzeyir Hacıbəyovun dayısı oğlu, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun və pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.
PAULO KOELYO
(1947)
Tanınmış Braziliya yazıçısı və şairi Paulo Koelyo 1947-ci ilin bu günü Braziliyanın Rio de Janeyro şəhərində anadan olub. Valideynlərinin arzusu ilə hüquq ixtisası üzrə təhsil alıb. Yazıçı fəaliyyətinə başlamazdan əvvəl aktyor, jurnalist və teatr rejissoru kimi çalışıb. “Cəhənnəm arxivləri” adlı ilk kitabını 1982-ci ildə nəşr etdirib. Ümumilikdə 20-dən çox kitabı dünyanın 150-dən çox ölkəsində 86 milyon tirajla nəşr olunub. “Kimyagər” kitabı Ginnesin Rekordlar Kitabına düşüb.
TURAL DADAŞOV
(1993-2016)
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Tural Sabir oğlu Dadaşov 24 avqust 1993-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsini bitirib. Əsgər Tural Dadaşov 2016-cı ilin aprel döyüşlərində şəhid olub və aprelin 8-də paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində son mənzilə yola salınıb. Ölümündən sonra göstərdiyi III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
RƏŞİD ŞƏFƏQ
(1940-2017)
Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəqin anım günüdür. Rəşid Camal oğlu Əliyev 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik musiqi məktəbinin violonçel sinfində alıb. Daha sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində Cövdət Hacıyev və Qara Qarayevin sinfində davam etdirib. 1920-1970-ci illərdə müxtəlif bəstəkarlar tərəfindən yazılan uşaq mahnılarının bir qismini xor üçün işləyib. “Beynəlxalq uşaq ili” münasibətilə “Göyərçinik biz” adlı mahnılar toplusu çap etdirib. Daha sonra uşaqlar və yeniyetmələr üçün “Məktəblinin musiqi aləmi” adlı kitabı işıq üzü görüb. 1988-ci ildə xor almanaxı şəklində “Məktəbli mahnıları” adlı yeni əsəri çap olunub. Rəşid Şəfəq 2017-ci il avqustun 24-də Bakıda vəfat edib.
SƏRHƏD ZÖHRABBƏYOV
(1956-1992)
Şəhid Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyovun xatirə günüdür. O, 1956-cı il dekabrın 14-də Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akademiyasının aqronomluq şöbəsini bitirib. Bərdə rayonunda müxtəlif kolxozlarda baş aqronom, idarə heyətinin sədri, meşə təsərrüfatı idarəsinin müdiri vəzifələrində işləyib. Ermənistanın Azərbaycan hərbi təcavüzü başlayandan sonra könüllü olaraq Milli Ordu sıralarına qoşulub. Bərdə batalyonunun qərargah rəisi olub. Sərhəd Zöhrabbəyov 1992-ci ilin avqustun 24-də Ağdərənin Drmbon kəndi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
FƏXRƏDDİN BƏŞİROV
(1966-1992)
Şəhid Fəxrəddin Çərkəz oğlu Bəşirov da bu gün xatırlanır. O, 1966-cı il yanvarın 20-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1983-cü ildə burada orta məktəbi, 1988-ci ildə Mingəçevir Politexnik Texnikumunu bitirib. Texnikumda oxuduğu müddətdə sovet ordusunda xidmət edib. Təhsilini bitirəndən sonra göndərişlə Rusiyanın Stavropol vilayətinə gedib və Neptun zavodunda işə düzəlib. 1989-cu ildə Stavropol Politexnik İnstitutuna daxil olub, bir il sonra Bakıya qayıdıb və Xırdalan təmir-tikinti idarəsində işləməyə başlayıb. 10 avqust 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb. Döyüş yolu Xramord, Canyataq və Gülyataq kəndlərindən keçib. Fəxrəddin Bəşirov 1992-ci il avqustun 24-də Mehmanə kəndi uğrunda gedən döyüşdə snayper gülləsindən həlak olub və Quzanlı qəbiristanlığında dəfn olunub.
YUNİS NƏCƏFOV
(1967-1992)
Azərbaycanın Milli Qəhrəmanı Yunis İsa oğlu Nəcəfovun anım günüdür. O, 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub, daha sonra təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirib. 1989-cu ildə leytenant rütbəsi ilə xidmətə başlayıb. 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı çıxışlarına görə sovet ordusundan uzaqlaşdırılıb. 1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə gəlib və "N" saylı bölüyə komandir təyin edilib. Kərkicahan, Malıbəyli kəndlərinin və Şuşa şəhərinin müdafiəsində xüsusilə fərqlənib. Daha sonra müharibəyə döyüşçülər hazırlamaq məqsədilə Bakıya göndərilib. Lakin Laçın və Şuşa erməni hücumlarına məruz qalan zaman yenidən cəbhəyə dönüb. Baş leytenant Yunis Nəcəfov 24 avqust 1992-ci ildə Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
ANAR ZEYNALOV
(1972-1992)
Şəhid Anar Niyaz oğlu Zeynalovun xatirə günüdür. O, 17 may 1972-ci ildə Göyçayda anadan olub. 1986-cı ildə Göyçay şəhərində yerləşən 3 nömrəli orta məktəbi bitirib. 1991-ci ildə hərbi xidmətə çağırılıb və Zəngilan rayonu uğrunda gedən döyüşlərə qatılıb. Anar Zeynalov 24 avqust 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.