Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının videokonfrans formatında 18-ci iclası keçirilib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, oktyabrın 20-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş videokonfrans formatında 18-ci iclası baş tutub.
15 dövlətin baş prokurorlarının və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda çıxış edən Baş prokuror tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri, o cümlədən iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldırlması, vəzifəli şəxslərlə vətəndaşlar arasında sağlam əlaqələrin qurulması, habelə şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə qanunvericilik sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar, habelə korrupsiya ilə mübarizədə institusional baza təşkil edən ixtisaslı qurumlar – Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Bu sahədə beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanaraq, Azərbaycan Respublikasının BMT-nin “Korrupsiyaya qarşı mübarizə haqqında”, həmçinin mövcud olan müvafiq Avropa konvensiyalarına qoşulduğu, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən GRECO, Moneyval, OECD, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prokurorların Korrupsiyaya Qarşı Mübarizə Şəbəkəsi çərçivəsində, həmçinin xarici ölkələrin hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib.
Baş prokuror iştirakçılara sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, Cenevrə Konvensiyalarının tələbləri kobud şəkildə pozularaq münaqişə zonasında, eləcə də hərbi əməliyyatların aparıldığı yerdən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı məntəqələrin hədəfə alınması, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın 2-ci böyük şəhəri olan qədim və tarixi Gəncənin dinc əhalisinin sıx yaşadığı mərkəzi hissəsinin, strateji əhəmiyyət kəsb edən Mingəçevir şəhərinin, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk neft kəmərlərinin, Mingəçevir Su Elektrik Stansiyasının raket atəşinə məruz qalması, beynəlxalq səviyyədə qadağan olunmuş “Smerç” kasset bombalarından və “Skad” raket qurğularından istifadə edilməsi, xarici ölkələrdən gətirilmiş muzdluların düşmən qüvvələrinin sıralarında iştirakının müəyyən edilməsi haqqında ətraflı məlumat verib.
Bildirilmişdir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən mülki dinc əhalimizə qarşı törədilən cinayət faktları üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 37 cinayət işi başlanmış, ərazidə həyati təhlükənin olmasına baxmayaraq prokuror və müstəntiqlər tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilməkdədir.
Sentyabrın 27-dən etibarən bugünədək Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 7-si uşaq, 19-u qadın olmaqla 61 mülki şəxs həlak olmuş, 300-dən çox mülki vətəndaş ağır yaralanmış, ümumilikdə 2500-dən çox yaşayış evi və mülki obyektə ciddi ziyan vurulub.
Eyni zamanda Baş Prokuror qeyd edib ki, Ordumuz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında əks-hücum əməliyyatına başlamış və bu sahədə mühum uğurlara imza atmaqla müxtəlif kənd, qəsəbə, rayon və şəhərlər işğaldan azad olunub.
Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov, İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri və Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldaşev mülki əhaliyə qarşı hücumları qəti surətdə pisləmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorları tərəfindən əməkdaşlıq haqqında sənədlər imzalanmış, 2021-ci ildə növbəti iclasın Hindistan Respublikasında keçirilməsi qərara alınıb.