Avqustun 15-də saat 6 radələrində Abşeron rayon sakini Şəhanə Məmmədovanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Baba Məmmədovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Şəhanə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Baba Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.