Ağır durumda olan Ermənistan niyə təxribata əl atır? - TƏHLİL
13 iyul 2020 12:44 (UTC +04:00)

Ağır durumda olan Ermənistan niyə təxribata əl atır? - TƏHLİL

İyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb. Ermənistanın təxribatı alınmayıb.

Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər silahlı qüvvələrinin gücünə görə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyir. Belə bir vaxtda Ermənistanın cəbhə xəttində təxribata getməsi maraq doğurur. Rəsmi İrəvan anlayır ki, heç bir halda yeni bir savaş onun maraqlarına cavab verməyəcək. Müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı bir aksiomadır. Odur ki, indi hər kəsi belə bir sual düşündürür: İrəvanı özünü çox duruma salacaq təxribata getməyə nə vadar etdi? Aydın məsələdir ki, burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Onu da qeyd edək ki, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Yəni, Ermənistan təxribata əl atıb və Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qətiyyətli cavab verib. Ermənistanın siyasi rəhbərliyi anlayır ki, yeni müharibəyə tab gətirə bilməz. İrəvanın Bakı qarşısında bütün müstəvilərdə zəifliyi göz önündədir. Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Koronavirus pandemiyası dövründə Ermənistanın yeni müharibəyə başlamaq təxribatı əslində bütün dünyadakı nizama mənfi təsir göstərir. Məlumdur ki, koronavirus pandemiyası başlayandan dünyadakı bir çox hərbi münaqişələr dondurulub. Belə bir zamanda Ermənistanın savaş təxribatı olduqca pis nümunə kimi qəbul ediləcək. Pandemiya dövründə müharibə dünyanı koronavirusa təslim etmək cəhdi kimi də dəyərləndirilə bilər. Bundan başqa, bu addım Ermənistanın BMT Baş Katibinin pandemiyaya görə münaqişələri dayandırmaq çağırışına guya dəstək verməsi barədə mövqeyinin də əsassız olduğunu bir daha göstərdi. Bu vəziyyətdə beynəlxalq ictimaiyyət Ermənistana qarşı kəskin qınaq mövqeyi tutmalıdır. Çünki Ermənistan BMT Baş Katibinin çağırışını qulaqardına vurmaqla yanaşı, bütün humanizm prinsiplərini tapdalayaraq, ağır pandemiya dövründə belə təcavüzkar niyyətindən əl çəkmir.

Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi, pandemiya dövründə müharibəyə başlayacağını nümayiş etdirməklə isə diplomatik durumunu daha da ağırlaşdırmış oldu. Bütün bunları öncədən proqnozlaşdırmaq mümkün idi. Belə olan təqdirdə Ermənistanı savaş təxribatına getməyə nə vadar elədi? Məsələ ondadır ki, Ermənistan hərbi bölmələrinin Azərbaycanla sərhəddə növbəti təxribatı Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyıb. Belə ki, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ermənistanda ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi az ehtimal olunur. Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda Baş Nazir artıq nə edəcəyini bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir. Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Paşinyan heç bir sahədə dərin islahatlar apara, heç bir sahəni normal idarə edə bilmir. Yerli və xarici analitiklər iddia edirlər ki, bu gün bütün dövlət idarəetmə sistemi xaosa sürüklənir. N. Paşinyanın atdığı addımların hansısa keyfiyyət dəyişikliyinə gətirib çıxaracağı inandırıcı deyil. Ümumiyyətlə, onu düşünülmüş, ağıllı siyasət yeritməkdə “ittiham etmək” də mümkün deyil. Küçə inqilabının üçüncü ilində Paşinyan vəziyyəti görür, odur ki, hansısa dəyişikliklərdən, ona qarşı qüvvələrin birləşməsindən ehtiyat edir. Buna görə də yüksək postlara özünə tam sadiq adamlar təyin etmək istəyir ki, hansısa etirazlar olsa, güc strukturları tam olaraq onu dəstəkləsin.

<ins' style="box-sizing: border-box;"></ins'>

Digər tərəfdən, Paşinyan bu dəyişikliklərlə, guya xalqa xidmət etdiyini, yarıtmaz kadrları çıxarıb yerinə yaxşıları təyin etdiyini nümayiş etdirir. Lakin onun bu cəhdləri də alınmır. Ölkədə elə vəziyyət yaranar ki, bütün qüvvələr ona qarşı birləşə bilər. Artıq cəmiyyətin bütün təbəqələrində uğursuz inqilabçıya qarşı inamsızlıq indidən artır. Digər vacib məqam ondan ibarətdir ki, Paşinyan eyni zamanda çirkli pulların yuyulmasında da ittiham edilir. N. Paşinyan belə bir şəraitdə iqtisadiyyatın çöküşü və dərin böhrandan daha çox kabinetini, statusunu əlindən ala biləcək yeni liderin ortaya çıxma ehtimalından narahatdır. Paşinyan proseslərin məhz belə istiqamət ala biləcəyindən ehtiyat edir.

Ermənistandakı bu şəraitdə, belə hökumətlə Qarabağ danışıqlarının fiaskoya uğradığını anlayır. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin Ermənistanda mövcud iqtidardan narazılıq o həddə çatıb ki, erməni cəmiyyətini birləşdirmək imkansız görünür. Baş Nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən Rusiya ilə “qaz anlaşması”nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması və Tovuz istiqamətində ermənilərin aldığı cavab Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Bu səbəbdən də Paşinyan “yeni savaş təxribatı”na əl atır. Lakin Azərbaycan Ordusunun verdiyi sərt və adekvat cavab onun durumunu daha da ağırlaşdırır. Burada bir fakta da diqqət yetirmək lazım gəlir. Son təxribatda ermənilər ağır itkilərlə üzləşiblər. Paşinyanın nəzarətində olan KİV bu faktı gizlətməyə çalışır. Lakin Ermənistanın ən müxtəlif bölgələrinə erməni əsgərlərinin cənazələri gedir. Paşinyan iqtidarı artıq öz xalqını qurbana çevirir. Bu isə onun vəziyyətini daha da kritik edir. Növbəti müharibə təxribatı isə Paşinyanın sonunu gətirə bilər. Paşinyan bir daha Azərbaycan ordusunun nəyə qadir olduğunu gördü. Ermənistanın “ağ bayraq” qaldırmaqdan başqa yolu qalmayıb…

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4783
avatar

Oxşar yazılar