Moskvada Türkiyədən gələn turist taksidən 40 dəqiqəlik istifadə üçün 14 min rubl ödəyib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, 26 yaşlı türkiyəli turist mərkəzdə dostları ilə gəzərkən otelə getməyə qərar verib. Şirkət proqramlardan istifadə etməmək qərarına gəlib və Nikolskaya küçəsində taksi sürücülərinə yaxınlaşıb. Sürücülərdən biri səfərin qiymətini açıqlamasa da, sifarişi qəbul etməyə razılaşıb.
Nikolskaya küçəsindən Belorusskaya metro stansiyasına (təxminən 6 km) taksi ilə getmək 40 dəqiqə çəkib. Səfərin sonunda sürücü Çetin adlı turistə 14,3 min rublluq (təxminən 295 manat) çek uzadıb. Turist valyuta məzənnələrində çaşıb və bütün məbləği taksi sürücüsünə verib.
Sonradan o, polisə müraciət edib.