Özbəkistanın Səmərqənd şəhərində 50-yə yaxın insan fastfud yeməkdən sonra zəhərlənib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə ötən gün baş verib. Bütün zərərçəkmişlər Rudaki küçəsindəki satış məntəqələrindən birində hot-doq yeyiblər. Bundan sonra azyaşlı uşaqlar da daxil olmaqla 49 nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda 29 xəstənin vəziyyəti qənaətbəxşdir, onlar xəstəxanadan buraxılıblar. Daha 20 nəfərin müalicəsi davam edir.
Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları iaşə məntəqəsinin fəaliyyətini dayandırıblar. Mütəxəssislər kütləvi zəhərlənmənin səbəbini müəyyən etmək üçün nümunələr götürüblər.