"140 nəfərin maaşını hər ay başçıya verirdik" - Müavini Vilyam Hacıyevin ÜZÜNƏ DURDU
11 aprel 2022 18:29 (UTC +04:00)

"140 nəfərin maaşını hər ay başçıya verirdik" - Müavini Vilyam Hacıyevin ÜZÜNƏ DURDU

Həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş ehtiyatda olan zabit Vidadi Babayev ifadə verib.

Vidadi Babayev ifadəsində torpaq sahəsinə görə 1500 manat rüşvvət verdiyini iddia edib:

“Övladımın adına 5 sot torpaq var idi. Orada yaşayışa sərəncam verilməsi üçün icra hakimiyyətinə müraciət etməli idim. Tikinti işləri aparılmalı idi. Məni çağırdılar həmin əraziyə. Danışıqlar aparıldı. Həmin müddətdə icra başçısı məzuniyyətdə idi. Sərəncamın verilməsi üçün 1500 manat pul verdim. Pulu verdikdən sonra sərəncam verdilər”.

Zala daxil olan növbəti zərərçəkmiş təsərrüfatçı Həsən Hüseynov deyir ki, 4 hektar torpağın icarəsinə görə 150-200 manat aralığında pul ödəmişəm:

"Rayonda 11 hektar torpaq sahəm var. Dedilər ki, torpaq icarəyə verirlər. İcra hakimiyyətinə müraciət etdim. Dedilər ki, mühasibatlığa müraciət elə. Mən də müraciət elədim. Dedilər 150-200 manat ödəməlisən. Ödədim 4 hektar torpaq sahəsi icarəyə verdilər”.

Vilyam Hacıyev gülərək ayağa qalxıb zərərçəkmişin ifadəsinin yalnış olduğunu deyib: "4 hektar torpaq üçün 150 manat rüsum çox azdır". 

Bir zamanlar Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin müdiri işləyən və şahid qismində dindirilən Şakir Nuriyev isə qeyd edib ki, sərəncam almaq və torpaq sahəsini oğlunun adına keçirmək üçün 4 min manat pul verib:

“İmişlidə torpaq sahəm var idi. Ona sərəncam almaq üçün Vilyam Hacıyevə müraciət etmişdim. Cəmil Musayev dedi ki, torpaq sahəsinə sərəncam verilməsi üçün 2000 ödənilməlidir. Mən də ödədim”.

Prosesdə məlum oldu ki, Cəmil Musayev ikinci dəfə Şakir Nuriyevdən 2 000 manat pul alıb...

“Torpaq mənim oğlumun adına idi. Oğlum dövlət qulluqçusu olduğu üçün torpaq sahəsini qardaşının adına keçirdim. Bunun üçün də 2 min manat ödədim.Vilyam Hacıyevlə şəxsi münasibətim olmayıb. Sadəcə köməkliyi üçün otağına girib təşəkkür etdim”.

Məhkəmədə İmişli şəhər bələdiyyəsinin sabiq sədri Əliağa Abdullayev də ondan 2000 manat tələb edildiyini, amma onun ancaq 1000 manatını ödəyə bildiyini vurğulayıb:

“Sədrliyə təzə gəlmişdim. Mühasibatlıqdan Mirzə müəllim dedi ki, rəhbərin tapşırığı ilə abadlıq işlərinin görülməsi üçün 2 000 manat pul ödənilməlidir. Amma mən 1000 manat verdim. Digər 1000 manatı verə bilmədim”.

Təsərrüfatla məşğul olan zərərçəkmiş Tofiq Rüstəmov rəhmətə gedən atasının adına olan torpaq sahəsini öz adına keçirmək üçün 1000 manat ödədiyini deyib:

“Mənim atam rəhbətə getmişdi. Torpaq sahəsini onun adından öz adıma keçirmək üçün ərizə verdim. Dedilər ki, adıma keçirilməsi üçün 1000 manat pul verməliyəm. Mən də verdim”.

İmişli rayonunda 3 məktəb binasının tikintisini həyata keçirən "Kristal-2” MMC-nin direktoru Elmidar İsmayılov ifadəsində onun şirkətinə həvalə olunmuş hər bir işə görə ayrılmış vəsaitin müəyyən faizi İcra Hakimiyyətinə çatdığını deyib: "2012-ci ildə İmişli rayonunda məktəb tikirdim. Həmin vaxt icra başçısı Vilyam Hacıyev deyildi. Məktəbin birinci mərtəbəsini tikmişdim ki, Vilyam Hacıyev icra başçısı təyin edildi. Dedilər ki, yeni icra başçısı məktəbin tikintisini dayandırmağı tapşırıb, biz deyəndə başlayarsan. İcra başçının köməkçisi ilə danışdıqdan sonra razılaşdıq ki, tikinti üçün ayrılan 900 min manat vəsaitin 20 faizini onlara verim. Sonradan Cəfərli məktəbinin tikintisini də bizə həvalə etdilər. Eyni qaydada burdan da ayrılan 1 milyon 600 min manatın 184 min manatını rüşvət kimi onlara verdim".

Şahid deyir ki, Vilyam Hacvıyev onu yanına çağıraraq yarımçıq qalan məktəbin tikintisini bitirməyi xahiş edib...

“Vilyam Hacıyev bir dəfə məndən xahiş etdi ki, Hacıbabalı kəndində məktəb tikintisi yarımçıq qalıb onu bitir, sonra əvəzləşərik. Onunla yaxşı münasibətim olduğu üçün sonradan rayonda beşmərtəbəli bina tikintisi işini də mənim şirkətimə həvalə etdi. Mən işə qoşulanda ayrılmış vəsaitdən cəmi 440 min manat qalmışdı. Söz verdiyim üçün borc alıb, tikintini bitirdim. Bundan sonra beşmərtəbəli yaşayış binasını tikdik. İcradan dedilər ki, bu iş üçün ayrılan vəsaitdən 2 milyon 400 min manat pul xərclənməlidir. Buna görə də domafon qoymurduq, materialları aşağı qiymətə alırdıq".

Vilyam Hacıyevin vəkili şahidə replika ataraq “Gördüyünüz işlərin sonu olmadığını bilirdinizmi? Niyə belə edirdiniz?” sualını verib:

Şahid "Dərk edirdim ki, bu qanunsuzdur", - deyə cavab verib.

Elə bu vaxt Vilyam Hacıyev sakit, amma bir o qədər də əsəbi vəziyyədə zərərçəkmişin yalan ifadə verdiyini deyib:

“Niyə yalan ifadə verirsən? Mən də sənə 1 milyon vermişəm. Sənədim sübutum yoxdu. Qaytar mənim pulumu. Tez ol qaytar. Niyə yalan danışırsan?”.

Məhkəmədə dindirilən zərərçəkən anbardar Xəyal İskəndərov da işə qəbul olunmaq üçün rüşvət verdiyini deyib:

“İşsiz olduğuma görə iş üçün müraciət etdim. Məndən 2 000 manat tələb etdilər. Pulu ödədikdən 2-3 gün sonra işə qəbul oldum. İmişli rayonunun Qaradonlu kənd icra nümayəndəsi kimi işə başladım”.

Vəkili:

- Niyə işə qəbul olunmaq üçün pul ödəyirsən? Bu dövlət işidi.

Zərərçəkmiş şəxs:

-Bilməmişəm, səhv etmişəm. Bir də etmiyəcəm.

Vilyam Hacıyev yenidən əsəbi tonla müdaxilə edir:

-Mən səni qəbul eləməmişəm. Səndən rüşvət tələb etməmişəm. Niyə burda yalan ifadə verib, bülbül kimi ötürsən?

Daha sonra məhkəmədə İmişli rayon İcra Hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini işləmiş Hüseyn Əlizadə ifadə verib.  O bildirib ki, DOST mərkəzinə adı yazılan 140 nəfərin kartı onlarda olub və pulları da onlar alıb: 

“Dost mərkəzində adları yazılmışdı, amma pulu biz alırdıq. Hər işçiyə 218 manat maaş yazılırdı. Tanışlar vasitəsilə həmin kartlardan ayda bir dəfə pulları çıxarıb Cəmilə verirdik. Vilyam Hacıyev deyirdi ki, həmin pulları Cəmilə ver, mən də verirdim. Vilyam Hacıyev icra başçısı idi, o tapşırıq verirdi, mən icra edirdim. Vilyam Hacıyev deyəndən sonra biz necə yox deyə bilərdik?".

Təqsirləndirilən şəxsin vəkili bunu cinayət olduğunu və nəzərə alınmasını istəyib:

“Niyə qanunsuz iş görürdün? Bilirdin ki, bunlar hamısı qanunsuzdur. Sən müavin olaraq qanun çərçivəsində əmrləri etməli idin. Bunlar hamısı cinayətdir. Möhtərəm hakim bu nüansları diqqət edin”.
Vilyam Hacıyev də Hüseyn Əlizadənin ittihamlarına cavab verib.

Sabiq icra başçısı müavininin onun əmrlərini yerinə yetirdiyi üçün tənqid edib:

“Mən əgər belə tapşırıqlar verirdimsə, gedib hüquq-mühafizə orqanlarına şikayət edərdin. Qulaq asmazdın əmrlərimə”.

Məhkəmənin növbəti iclası aprelin 15-ə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5265
avatar

Fidan İlqar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21